Abstrakt

Qırmızı atəş, eritrogenik A qrupu streptokok toksininin (S. pyogenes) səbəb olduğu yoluxucu xəstəliklərdən biridir, ümumiyyətlə yüksək atəş, dəri qırışlarında döküntülər, çiyələk kimi bir dil və nazolabial üçbucağın solğunluğu ilə xarakterizə olunur. Ən çox 5-15 yaş arası uşaqlarda, tez-tez kəskin tonzillofarenjitdən sonra baş verir və ümumiyyətlə antibiotik müalicəsi ilə komplikasiyasız gedən yüngül olur. Ancaq təqdim etdiyimiz klinik vəziyyətdə qırmızı atəş və onun nadir ağırlaşmalarından biri - sətəlcəm - 20 yaşlı bir xəstədə danışırıq.

Əsas mətn

Törədicisi S. pyogenes olan faringit adətən yüngül gedişli xəstəlik olub, antimikrobial müalicə altında sağalan xəstəlikdir.

Klinik əlamətlər, müalicə olunmayan xəstələrdə 3-5 gün müddətində boğaz ağrısı, yüksək hərarət, əsnəkdə ərp, hiperemiya və limfadenopatiya ilə özünü biruzə verir. Skarlatina isə A qrup streptokok tərəfindən törədilən faringitin toksigenik ağırlaşması olub, bakteriyanın eritrogen toksini tərəfindən törədilir. Bəzi hallarda isə yara infeksiyaları və zahılıq sepsisi sonrasında da yarana bilər. 1-2 günlük inkubasiya dövründən sonra adətən gövdənin üst hissəsi və boyundan başlayan, basmaqla solan makulopapulyar səpgilər bütün bədənə yayılır. Ağız və burun ətrafında səpgi müşahidə edilmir. Dərinin büküş yerlərində səpginin intensivliyi səbəbilə skarlatina üçün spesifik Pastia simptomu müşahidə edilir. Xəstələrdə dilin hiperemiyası səbəbilə moruğabənzər dil görüntüsü diqqəti çəkir. Səpgilər adətən müalicənin 5-7 – ci gündə əl və ayaqdan başlayan əlcək tərzində qabıqlanma ilə itməyə başlayır.


Klinik Hal
20 yaşlı qadın xəstə, Kliniki Tibbi Mərkəzin TTTY şöbəsinə 4 gündür davam edən halsızlıq, yüksək hərarət (39 C), bədəndə yayılmış səpgilər, ürəkbulanma, təngnəfəslik şikayəti ilə daxil olub. Aparılan müayinələr nəticəsində xəstədə obyektiv müayinədə- Üzdə qızarıqlıq, burun-dodaq üçbucağında ağarma , daha çox büküş nahiyələrində görünən petexioz və makulopapulyoz səpgilər (Şəkil 1 ) və moruğu dil (Şəkil 2) müşahidə edilib. Xəstəyə klinik əlamətlərə əsasən ilkin olaraq “Skarlatina” diaqnozu qoyuldu və Yoluxucu xəstəliklər şöbəsinə stasionar müalicəyə alındı . Xəstə şöbəyə qəbul olarkən alınan laborator müayinələrdə -WBC- 7.17 x 10^3/μL; HGB-8.4 g/dL; MCV-67.3 fL; PLT-229 x 10^3 /μL; NEUT%-61.3%; albumin-3.02 g/dL; ALT-49 U/L; AST-32.7 U/L ; İnstrumental müayinələrdə - rentgenoqrafiya zamanı - Sağ ağciyərin yuxarı payının pnevmoniyası və sağ sinuda cüzi maye aşkar olundu. Xəstəyə qəbul zamanı empirik olaraq Seftriakson (2 q x 1 dəfə) və Levofloksasillin (500 mq x 1 dəfə ) terapiyası başlanıldı. Aparılan müalicələrə baxmayaraq xəstənin oksigen ehtiyacı artdığı ( maska O2 7-8 l fonunda SpO2 – 93% ) təngnəfəslik və temperatur yüksəkliyi (39-400C) davam etdiyi üçün döş qəfəsi KT müayinəsinə göndərildi . Döş qəfəsi KT müayinəsində - sağ ağciyərin yuxarı və aşağı payında içərisində hava bronxoqramı olan geniş konsolidasiya sahələri, sağ hemitoraksda ən qalın yerində ~ 33 mm olan kisələşməyə meylli maye,sol ağciyərin aşağı payında yer-yer alveolyar infiltrasiya və sol hemitoraksda ən qalın yerində ~14 mm ölçülən maye müşahidə olundu. Bundan sonra xəstənin müalicəsi Vankomisin (1 q x 2 dəfə) , Klindamisin (600 mg x 3 dəfə), Levofloksasillin( 500 mg x 1 dəfə) olaraq dəyişdirildi. Xəstəyə torakal cərrahın baxışından sonra steril şəraitdə plevrodrenaj qoyuldu və 1 litrə yaxın piyurik maye boşaldıldı. Mayedən bakterioloji müayinə göndərildi və nəticəsi “mikroorqanizm inkişaf etmədi” olaraq gəldi. Aparılan müayinə və müalicələr nəticəsində xəstənin hərarəti enməyə, oksigen ehtiyacı ( SpO2 - 98%) və təngnəfəsliyi azalmağa başladı. Plevrodrenaj qoyulduğu gündən 3 gün sonra çıxarıldı. Antimikrobial müalicəsi 14 günə tamamlandı. Bu müddət ərzində hər hansı bir ağırlaşması olmadı. Kafi vəziyyətdə yaxşılaşma ilə sahə terapevti və torakal cərrahın nəzarəti.

Müzakirə
Skarlatinanın ağırlaşmaları septik və toksik olmaqla 2 qrupa bölünür. Septik forma adətən yüksək temperatur və toksiki əlamətlərlə özünü biruzə verir. Ağırlaşmalardan biri olan pnevmoniya əsasən xəstəliyin ilk günlərində müalicə almayan şəxslərdə daha çox rast gəlinir. Bizim xəstəmizdə də klinikaya müraciət edən zaman 4 gündür ki, şikayətləri başlamış , lakin heç bir antibakterial müalicə almamışdı. Skarlatina xəstəliyinin törədicisi A qrup strepotokoklar olduğu üçün xəstədə S.pyogenesə bağlı yaranan pnevmoniya düşünülərək empirik müalicə bu istiqamətdə başlanıldı. S.pyogenes nadir lakin çox təhlükəli bir pnevmoniya törədicisidir.S.pyogenes tərəfindən törədilən xəstəliklər içində pnevmoniya 10% hallarda rast gəlinir. Pnevmoniyanın yaranma səbəbinin əsasən streptokokların M1 və M3 tipiylə olduğu bildirilir. Adətən xəstələrdə kəskin başlanğıc, sinədə ağrılar , plevral maye müşahidə olunur. Bu pnevmoniyada ölüm riski daha çox olub , əsasən özünü ağciyərdə abses , nekrotik pnevmoniya, kavitasion dəyişikliklər və empiema ilə göstərir.3 Törədici adətən penisillin qrup antibiotiklərə həssas olduğu üçün xəstəliyin müalicəsində əsasən penisillinlər və toksin əleyhinə təsir üçün ilk günlərdə klindamisinin verilməsi tövsiyə olunur.


Nəticə
Skarlatina adətən 5-15 yaşlı uşaqlarda faringit ağırlaçması kimi rast gəlinsə də, böyüklərdə də ağır formalarda müşahidə edilə bilər. Skarlatinalı xəstələrdə pnevmoniya nadir rast gəlinən ağırlaşma olub, daha çox nekrotik formada və ağciyərdə plevral mayenin toplanması ilə gedir. Bunun da ən çox səbəbi A qrup streptokoklar tərəfindən ifraz olunan və ağciyərdə nekroz törədən bir qrup fermentlərdir. A qrup streptokok mənşəli faringit diaqnozu qoyulan hər bir xəstədə ilk günlərdən antibakterial müalicəyə başlanılmalı və müalicə müddəti 10 günə tamamlanmalıdır. Pnevmoniya hallarında isə bu müalicəyə ilk günlərdə klindamisin əlavə olunmalıdır.

Şəkillər

Açar sözlər

İstinadlar

Ədəbiyyat siyahısı:
1. https://www.uptodate.com/contents/complications-of-streptococcal-tonsillopharyngitis
2. https://www.uptodate.com/contents/scarlet-fever-the-basics
3. https://www.uptodate.com/contents/group-a-streptococcal-tonsillopharyngitis-in-children-and-adolescents-clinical-features-and-diagnosis
4. Mandell, Douglas and Bennetts Principles and Practice of Infectious Diseases Book , 9th edition, 2020, chapter 197, 2450
5. LANGE, Medical Microbiology and İmmunology, 16th edition

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 25.Feb.2025

Müəllif hüququ

© 2022-2025 Azərbaycan Daxili Xəstəliklər Dərnəyi. Nəşr edilir: Uptodate İn Medicine tibb elmlər nəşriyyatı. Bütün hüquqlar qorunur..

Əlaqəli məqalələr

Ağciyər Karsinoid Şişləri: Erkən Diaqnostikanın və Multidisiplinar Yanaşmanın

Baxılıb: 384